TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



BAKIDA ƏRDƏBİL ŞƏHƏRİNİN SƏNAYE VƏ TİCARƏT ÜZRƏ ÜÇÜNCÜ ÖZƏL SƏRGİSİ AÇILMIŞDIR

Bakı, 7 fevral (AzərTAc). Fevralın 7-də Bakı İdman Sarayında İran İslam Respublikası Ərdəbil şəhərinin sənaye və ticarət üzrə üçüncü özəl sərgisi açılmışdır.
Açılış mərasimində Ərdəbil əyaləti üzrə beynəlxalq sərgi şirkətinin direktoru Mehdi Xidməti və əyalətin ticarət idarəsinin müdiri Yavər Səfərpur çıxış edərək belə tədbirlərin Azərbaycan ilə İran arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına, yeni əlaqələrin yaranmasına xidmət edəcəyini bildirmişlər. Ərdəbil əyalətində Azərbaycan iş adamları üçün sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə geniş imkanların olduğu qeyd edilmişdir.
Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev Ərdəbil şəhərinin Bakıda artıq üçüncü dəfə keçirilən sərgisinin ölkəmizə xarici sərmayələrin və müasir texnoloji avadanlığın cəlb edilməsinə şərait yaradılması istiqamətində əhəmiyyətini vurğulamışdır. B.Əliyev dünyanı bürümüş maliyyə böhranı şəraitində enerji və ərzaq təhlükəsizliyi problemlərinin hazırda diqqət mərkəzində olduğunu söyləmiş, yaxın qonşu və dost olan ölkələrimizin bu sahələrdə, xüsusən də kənd təsərrüfatı sektorunda əməkdaşlığını diqqətə çatdırmışdır.
Nazir müavini son illər Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən layihələr barədə qonaqlara ətraflı məlumat vermişdir.
İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafından danışmış, yaxın vaxtlarda Bakıda Azərbaycan-İran Hökumətlərarası İqtisadi Komissiyasının növbəti iclasının keçiriləcəyini, bu tədbirdə iqtisadiyyat, mədəniyyət və başqa sahələr üzrə ikitərəfli əməkdaşlığa dair sənədlərin, həmçinin iki qonşu dövlət arasında vizasız rejimin təkmilləşdirilməsi və sadələşdirilməsi barədə sazişin imzalanmasının nəzərdə tutulduğunu diqqətə çatdırmışdır.
Sonra iştirakçılar sərginin ekspozisiyası ilə tanış olmuşlar.
Kənd təsərrüfatı və məişət texnikası, mətbəx əşyaları, qab-qacaq və digər məhsullardan ibarət sərgi fevralın 10-dək davam edəcəkdir.

 
  TKA 2008